BAKI, 7 mart. TELEQRAF
Ukraynada müharibəni diplomatik üsullarla dayandırmaq yaxın altı ayda mümkün olmayacaq. Rusiya lideri Vladimir Putin sonda qalib gələcəyinə əmindir.
Teleqraf xəbər verir ki, bu barədə Litva Xarici Kəşfiyyat Xidmətinin hesabatında deyilir.
Hesabatda Moskvanın müharibəni illərlə davam etdirmək üçün resurslarının olduğu iddia edilir:
“Həmçinin Kreml bəyan edir ki, Ukrayna ilə sülh yalnız öz şərtləri ilə əldə edilə bilər, Qərb və Kiyev məğlubiyyətlə barışmalıdır”.
“Ukraynada müharibə başa çatsa və ya dondurulsa belə, Rusiyadan gələn təhdidlər, hərbi təcavüz, təxribat və təsir fəaliyyətləri davam edəcək. Moskva yalnız prioritet hədəflərinə yenidən baxacaq”, - Litva kəşfiyyatı bildirir.
Həmçinin kəşfiyyat hesab edir ki, Rusiyanın ortamüddətli perspektivdə bütün Qərb hərbi alyansına qarşı genişmiqyaslı müharibəyə başlaması ehtimalı aşağıdır. Bununla belə, quruma görə, bir və ya bir neçə NATO ölkəsinə qarşı məhdud hərbi əməliyyata başlamaq üçün lazım olan qədər hərbi imkanlar formalaşdırıla bilər.