BAKI, 14 fevral. TELEQRAF
Türkiyənin müxalif Səadət Partiyasının sədri Mahmut Arıkan ABŞ Prezidenti Donald Trampa məktub yazıb.
Teleqraf xəbər verir ki, məktubu sosial media hesabında paylaşan Arıkan Trampın Qəzza ilə bağlı planını tənqid edib.
Arıkanın məktubunda deyilir:
“Həmişəki xəyalpərəstliyinizlə qəzzalıları başqa ölkələrə sürgün edəcəyinizi və Qəzzanı inkişafa açacağınızı iddia edirsiniz. Vətənlə əmlak işini qarışdırmayın. Bu işlər ona bənzəmir.
Qəzzanı pulla ala biləcəyinizi düşündüyünüz Qrenlandiya və ya xəritədə adını dəyişdirdiyiniz Meksika körfəzi ilə qarışdırmayın. Tarixdən xəbərsiz olduğunuzu bilirəm. Sizə xatırlatmaq istərdim ki, bu bölgəni cəhənnəm yaşatmağa gələn hökmdarların çoxunun qəbri belə yoxdur.
İki seçiminiz var: ya atəşkəsi dəstəkləyib sülh və insanlıq tərəfdarı olacaqsınız, ya da bölgəni daha böyük ocağa sürükləyib qanlı qatil kimi yadda qalacaqsınız. Netanyahunun planlarına uyub axmaq olma. Qəzzadan əlini çək!
Bölgənin tarixi və imperializmə qarşı müqavimət haqqında məlumat lazımdırsa, bizə zəng edin”.