BAKI, 24 sentyabr. TELEQRAF

Qırğızıstanın ilk peyki bu gün paytaxt Bişkekdə yerləşən “Lenin” adına zavodda təqdim edilib.

Teleqraf xəbər verir ki, peykin oktyabrın 1-də kosmosa buraxılması planlaşdırılır.

Cihazın hazırlanması təxminən 2,5 il çəkib. Bu müddət ərzində mütəxəssislər təxminən 20 cəhd və sınaq keçiriblər.

Peyk orbitə buraxıldıqdan sonra Yerin səthindən şəkillər çəkəcək. Toplanmış məlumatlardan digər sektorlarla yanaşı, kənd təsərrüfatı sahəsində də istifadə edilməsi planlaşdırılır.

Peykdən əldə edilən məlumatlar ətraf mühitin - buzlaqların və su ehtiyatlarının monitorinqi, həmçinin fövqəladə halların nəticələrinin qiymətləndirilməsi üçün də faydalı ola bilər.

“Qırğız Elektronikası” MMC-nin direktoru İlya Çernoyun sözlərinə görə, aparatın yaradılması üzərində təxminən 10 qırğızıstanlı mühəndis çalışıb. Hesablanmış istismar müddəti ən azı 15 ildir.

Hazırlanma zamanı artıq mövcud olan texnologiyalardan istifadə edilib. İlya Çernoy qeyd edib ki, belə bir avadanlığın tamamilə sıfırdan yaradılması 5-10 il vaxt apara bilərdi.

Hesab edilir ki, Qırğızıstanın ehtiyacları üçün 4-5 peyk kifayət edə bilər.

Peykin oktyabrın 1-də ABŞ-nin Kaliforniya ştatından “SpaceX”in köməyi ilə orbitə buraxılması planlaşdırılır.