BAKI, 18 avqust. TELEQRAF

Pakistan Ali Məhkəməsi korrupsiya ittihamı ilə həbs cəzası çəkən keçmiş baş nazir İmran Xanın səhhətinə görə həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Geo” telekanalı məlumat yayıb.

Məlumata görə, siyasətçi növbəti məhkəmə iclasına qədər tibbi müayinədən keçməsi və müalicə alması üçün xəstəxanaya göndəriləcək. Məhkəmə həmçinin hakimiyyət orqanlarını keçmiş baş nazirin tam tibbi sənədlərini təqdim etməyə məcbur edib və müxalif “Ədalət Uğrunda Hərəkat” Partiyasından liderinin səhhəti məsələsini siyasiləşdirməməyi xahiş edib.

Fevral ayında Pakistanın keçmiş baş naziri İmran Xanın vəkilləri onun səhhətinə görə həbsdən azad edilməsi barədə vəsatət təqdim etmişdilər. Siyasətçinin sağ gözünün görmə qabiliyyəti tromb səbəbindən əhəmiyyətli dərəcədə pisləşib.

Ərizədə həmçinin 2025-ci ilin dekabrında çıxarılmış hökmün icrasının dayandırılması tələb olunurdu. Həmin hökmə əsasən, artıq həbsdə olan “Ədalət Uğrunda Hərəkat”ının lideri korrupsiya işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edilib. İş Xanın hakimiyyətdə olduğu dövrdə dövlət aktivlərinin dəyərini bilərəkdən aşağı göstərməsi ilə bağlıdır.

İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumunun keçirilməsi nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Sabiq baş nazir 2023-cü ildən korrupsiya ittihamı ilə 14 illik həbs cəzası çəkir. Eyni ittiham üzrə onun həyat yoldaşı Büşra Bibi də 7 il müddətinə azadlıqdan məhrum edilib.