BAKI, 14 avqust. TELEQRAF
Qırğızıstan Çinə olan borcunu 2035-ci ilədək ödəməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov məlumat verib.
“2020-ci ilə qədər bizim ümumi borcumuz (xarici və daxili borc birlikdə) 5 milyard dollar təşkil edirdi, bu, ÜDM-in 70 faizinə bərabər idi. Bununla yanaşı, xarici borc 4 milyard 200 milyon dollar, daxili borc isə 708 milyon dollar təşkil edirdi. 2026-cı ildə ümumi borc 10 milyard dollara çatıb, onun ÜDM-ə nisbəti 37 faizdir. Xarici borc 5 milyard 200 milyon dollar, daxili borc isə 4 milyard 800 milyon dollardır. Xarici deyil, daxili borcumuz artır. Xarici borc cəmi 1 milyard dollar artıb”, - prezident bildirib.
O əlavə edib ki, həmin 1 milyard dollar Çin tərəfindən deyil, müxtəlif digər beynəlxalq maliyyə institutlarından götürülüb və son beş il ərzində Qırğızıstan Pekindən bir qəpik də borc almayıb:
“Əksinə, biz 500 milyon dollarlıq borcu bağlamışıq. 2020-ci ilə qədər bizim Çinin “Eximbank”ına (İxrac-İdxal Bankı) 1 milyard 800 milyon dollar borcumuz var idi. Beş il ərzində bu borcu 500 milyon dollar azaltdıq, indi banka 1 milyard 300 milyon dollar borcumuz qalıb. 2035-ci ilə qədər borcu tam ödəyəcəyik”.
Sadır Japarov Qırğızıstanın istədiyi qədər kredit götürə biləcəyi, amma bunu etmədiyini vurğulayıb:
“ÜDM-in 70 faizinə qədər kredit götürə bilərik, amma bunu etmirik. Mən borcun ÜDM-in 50 faizini keçməməsi barədə tapşırıq vermişəm”.