BAKI, 10 avqust. TELEQRAF
Qazaxıstan Təhsil Nazirliyi süni intellektin inkişafını və əmək bazarında baş verən dəyişiklikləri nəzərə alaraq təhsilinin məzmununu yeniləməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, islahatlar çərçivəsində 1-4-cü siniflər üçün “Rəqəmsal savadlılıq” fənninin adı “Rəqəmsal savadlılıq və süni intellekt” olaraq dəyişdiriləcək.
5-11-ci siniflərdə isə “İnformatika” fənni “İnformatika və süni intellekt” adlandırılacaq.
İbtidai siniflərdə tədris proqramına “Media savadlılığı və süni intellekt” əlavəsi ediləcək. Şagirdlər süni intellektin əsasları, rəqəmsal təhlükəsizlik, şəxsi məlumatların qorunması və internetdə məsuliyyətli davranış qaydaları ilə tanış olacaqlar.
Proqramda orta sinif şagirdləri üçün “Kompüter təfəkkürü və proqramlaşdırma”, həmçinin “Sağlamlıq, təhlükəsizlik və süni intellekt” bölmələri nəzərdə tutulur. Bu bölmələr süni intellektin əsas alətlərinə və kibertəhlükəsizliyin əsaslarına həsr ediləcək.
Yuxarı sinif şagirdləri “Məlumatların idarə edilməsi və süni intellekt” bölməsini öyrənəcəklər. Bölməyə süni intellektin iş prinsipləri, texnologiyaların öyrənilməsi, neyron şəbəkələri, məlumatların təhlili və tətbiqi kriptoqrafiya daxil ediləcək.
Müəllimlər üçün tədris prosesində süni intellektdən təhlükəsiz və səmərəli istifadə ilə bağlı metodik tövsiyələr hazırlanacaq.
İslahatlar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı əsasında həyata keçirilir. İslahatların hüquqi əsasını “Süni intellekt haqqında” qanun və süni intellektin orta təhsil sisteminə tətbiqi ilə bağlı prezident fərmanı təşkil edir.