BAKI, 13 noyabr. TELEQRAF
“Yazıçılar Birliyinə sədr seçiləndən sonra çox böyük çətinliklə də olsa, biz Tərcümə Mərkəzi yaratdıq. Bu mərkəz dünya dillərindən Azərbaycan dilinə, eləcə də dilimizdən dünya dillərinə kitablar tərcümə edirdi. Amma birdən mənə məlum olmayan səbəblərə görə Tərcümə Mərkəzini dağıtdılar və ayrıca bir qurum yaratdılar. Buna sözüm yoxdur, ayrıca bir qurum da olsun. Amma biz hər halda bu Tərcümə Mərkəzini saxlamaq istəyirdik”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
“Məsələ burasındadır ki, həmin təşkilat yarananda onun maliyyəsi də Yazıçılar Birliyinə ayrılmış büdcədən götürülərək ora yönəldildi.
İndi isə dəfələrlə müraciət etmişəm ki, heç olmasa, həmin vəsait bizə qaytarılsın. Milli Məclisin Mədəniyyət komitəsinin sədri və deputatlarımızdan xahiş edirəm ki, bu məsələdə bizə kömək etsinlər. Tərcümə Mərkəzinə aid olan vəsait Yazıçılar Birliyinə qaytarılsın. Çünki tərcümə işi bu gün bizim ən vacib işlərimizdən biridir”, - AYB sədri vurğulayıb.