BAKI, 13 noyabr. TELEQRAF
“Azərbaycanın müharibədə qələbəsi, keçirdiyi əməliyyatlar ölkəmizin nüfuzunu artırdı və dünyada söz sahibi etdi. İndi Azərbaycanın siyasəti, iqtisadiyyatı, ordusu ilə hesablaşırlar. Bir mədəniyyət işçisi kimi istəyirəm ki, dünya ölkəmizin mədəniyyəti ilə də hesablaşsın".
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev “Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlər: Mədəniyyətlərarası dialoq və Azərbaycanın mədəni diplomatiyası” mövzusunda keçirilən ictimai müzakirədə deyib.
O daha sonra əlavə edib: “Bu gün bizim iqtisadiyyatımız inkişaf edir, ordumuz güclüdür, siyasətimiz düzgündür. Amma mədəniyyətimiz, hələ bu səviyyədə dünyaya təqdim oluna bilməyib”.
Biz gərək elə edək ki, ölkəmizə gələn turistlər muzeylərimizin qarşısında, xarici ölkələrdə olduğu kimi, növbəyə dayansınlar. Konsert salonlarımızı doldursunlar, kitablarımızı oxusunlar. Onda biz deyə bilərik ki, Azərbaycan dünyaya mədəniyyəti ilə də çıxıb”, - Anar Rzayev əlavə edib.