BAKI, 28 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin cəmiyyəti daha da hərbiləşdirməyə və Ukraynaya qarşı müharibəyə görə məsuliyyəti Dövlət Dumasının deputatları və ölkə əhalisinin üzərinə atmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Araşdırmaları İnstitutunun (ISW) analitik materialında deyilir.

Vladimir Putin iyulun 26-da Rusiya Hərbi Dəniz Qüvvələri Günü münasibətilə etdiyi çıxışında müharibə ətrafında milli birliyin vacibliyini vurğulayıb. O bildirib ki, Rusiyada vətəndaş cəmiyyətinin şüuruna müharibənin əhəmiyyəti aşılanmalı, milli birlik hissi müharibə başa çatdıqdan sonra da qorunub saxlanmalıdır.

Vladimir Putinin iyulun 27-də isə Dövlət Dumasının deputatları ilə görüş keçirib. Görüş zamanı o, hökumətin müharibə ilə bağlı vahid mövqedən çıxış etdiyini vurğulayaraq deyib ki, son beş il ərzində Dövlət Duması ümumilikdə təxminən 3 min qanun layihəsi qəbul edib. Onun sözlərinə görə, qanun layihələrinin üçdə ikisi bütün fraksiyaların dəstəyi ilə qəbul olunub və bunlar Rusiya Silahlı Qüvvələrinin, müdafiə sənayesinin, cəmiyyətin və müharibə dövründə daxili iqtisadiyyatın dəstəklənməsinə yönəlib.

Putin həmçinin qeyd edib ki, Dövlət Dumasının deputatları Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin “Rusiyanın tərkibinə inteqrasiya”sını nəzərdə tutan “qanunlar”ı kollektiv şəkildə qəbul ediblər.

ISW analitiklərinin fikrincə, Putin Dövlət Duması deputatlarının və sıravi vətəndaşların müharibədəki rolunu xüsusi vurğulamaqla uzunmüddətli və böyük maliyyə xərcləri tələb edən müharibəyə görə şəxsi məsuliyyətini azaltmağa, həmçinin onları öz qərarlarını tam dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ekspertlər hesab edirlər ki, bu yanaşma 2026-cı ilin sentyabrında keçiriləcək Dövlət Duması seçkiləri ərəfəsində daxili siyasi məqsədlərə xidmət edir.