BAKI, 23 iyul. TELEQRAF

Kreml Rusiyada mümkün səfərbərliyə və bunun cəmiyyətdə yarada biləcəyi kütləvi etirazlara (iğtişaşlara) qarşı hazırlıq görür.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya Dövlət Duması iyulun 22-də məhkumluğu olan, o cümlədən narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətlə bağlı cinayətlərə görə məhkum edilmiş şəxslərə rəsmi səfərbərlik dövründə Müdafiə Nazirliyi ilə hərbi müqavilə bağlamağa icazə verən qanun layihəsini qəbul edib. Rusiya müdafiə nazirinin müavini və Müdafiə Nazirliyinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi generalı Viktor Qoremıkin bildirib ki, qanun hərbi xidmətə cəlb oluna biləcək şəxslərin sayını artıracaq və Moskvanın 2026-cı ildə Ukraynadakı müharibə üçün şəxsi heyət toplamaq səylərinə kömək edəcək.

Rusiyanın daxili təhlükəsizlik qüvvəsi “Rosqvardiya” da iyulun 21-də “səfərbərlik, hərbi vəziyyət və müharibə dövründə cəmiyyəti “naməlum təhlükələrdən qorumaq məqsədilə” səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan qanun dəyişiklikləri təklif edib.

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin noyabrında ehtiyatda olan hərbçilərin rəsmi səfərbərlik elan edilmədən döyüş bölgələrinə göndərilməsinə imkan verən qanunu imzalayıb. ISW həmin vaxt bu qanunun Kremlin mərhələli şəkildə qismən səfərbərlik həyata keçirməsinə şərait yaradacağını bildirmişdi.

“Görünür, Kreml rəsmi səfərbərlik və ehtimal olunan hərbi vəziyyət elanına hüquqi-inzibati zəmin hazırlayır. Çünki səfərbərlik Rusiya cəmiyyətində hələ də qeyri-populyardır və narazılıqlara səbəb ola bilər”, - ABŞ institutu vurğulayıb.

Səfərbərlik elan edib-etməmək son nəticədə Putinin qərarından, onun cəbhədəki vəziyyəti və Kremlin sabitliyini necə qiymətləndirməsindən asılı olacaq. Hazırda Putinin yaxın vaxtlarda belə bir qərar verib-verməyəcəyi və bunun hansı formada elan ediləcəyi məlum deyil.

Ukrayna Prezidenti Volodimir Zelenski də sentyabrda Rusiyada keçiriləcək parlament seçkilərindən sonra Vladimir Putinin yeni səfərbərlik elan edə biləcəyini istisna etmir.