BAKI, 2 iyul. TELEQRAF
Rusiya lideri Vladimir Putin rusiyalıları son dörd ildə Ukraynadakı müharibənin iqtisadi nəticələrindən böyük ölçüdə qoruya bilsə də, bu gün artıq vəziyyət dəyişib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşr bildirib ki, Ukraynanın son həftələrdə raket və dronlarla Rusiyanın əsas enerji infrastrukturuna endirdiyi zərbələr müharibəni əksər rusiyalıların indiyədək gözardı edə bildiyi nisbətən zəif təsirdən çıxararaq, onu təcili, getdikcə dərinləşən yanacaq böhranına çevirib.
Rusiyanın 83 regionundan üçdə ikisinin yanacaq təchizatı ilə bağlı problemlər yaşadığı bildirilir. Bu, milyonlarla insan üçün çətinlik yaradır, çoxsaylı müəssisələrin fəaliyyətini birbaşa təhlükə altına qoyur. Xüsusilə işğal edilmiş Krımda vəziyyət ağırdır. Hakimiyyət burada fövqəladə vəziyyət elan edərək, yanacağın satışına qadağa qoyub. Nəşrin fikrincə, zərərin miqyası ciddi şəkildə gizlədilir. Rusiya daxili yanacaq qiymətlərini artıq açıqlamadığı iqtisadi göstəricilər siyahısına daxil edib.
“Politico”nun fikrincə, Kremlin real durumu gizlətmək səylərinə baxmayaraq, rusiyalılar vəziyyətin pisləşdiyini öz gözləri ilə görürlər. Sosial şəbəkələrdə sürücülərin benzin üstündə bir-birinə hücum etməsini və ya yanacaqdoldurma məntəqələrində növbələrdə qarşıdurmanın yarandığını əks etdirən videolar geniş yayılır.
Ukrayna məqsədyönlü şəkildə Rusiyanın nə bərpa, nə də əvəz edə bildiyi neft emalı obyektlərinə zərbələr endirir. Bu isə yanacaq çatışmazlığı probleminin yaxın zamanda həll olunacağına ümid vermir.
“Carnegie”nin analitiki Sergey Vakulenko Rusiyada baş verənlər haqda deyib:
“Hazırda Rusiyada mövcud benzinin həcmi Ukrayna dronları ilə Rusiyanın təmir briqadaları arasında gedən yarışdan asılıdır. Əgər Ukraynanın hücumlarının intensivliyi qorunub saxlanılarsa və hər hücumun vurduğu ziyan artarsa, üstünlük Kiyevin tərəfinə keçəcək. Hazırda müşahidə etdiyimiz də məhz budur”.
Yanacaq qiymətləri adətən ümumi inflyasiyaya ciddi təsir göstərir. Rusiya Mərkəzi Bankı xəbərdarlıq edib ki, qiymətlərdə son sıçrayışın təsiri əvvəlki dövrlərlə müqayisədə daha uzunmüddətli ola bilər.
Rusiyanın ən böyük banklarından biri “Sberbank”ın baş direktoru German Qref bildirib: “Düşünürəm ki, hamımızı eyni məsələ narahat edir. Məncə, ölkədə hərbi əməliyyatların mümkün qədər tez başa çatmasından başqa bir şeyi düşünən heç kim yoxdur. Bu, açıq şəkildə belədir”.
Alman analitik Yanis Kluqenin sözlərinə görə, Rusiyada hərbi və məxfi xərclər artıq dövlət büdcəsinin təxminən yarısını təşkil edir. Neft qiymətlərindəki dalğalanmaların iqtisadi təsirini yumşaltmaq üçün yaradılmış Milli Rifah Fondunun likvid aktivləri 2022-ci ilin əvvəlində qeydə alınan ÜDM-in təxminən 7 faizindən 2026-cı ilin aprel ayına olan vəziyyətə görə cəmi 1,7 faizə enib.
“Yanacaq çatışmazlığının təsirlərini artıq təkcə Putin deyil, bütün Rusiya hiss edir”, - nəşr əlavə edib.
“The Sun” isə yazdığına görə, Ukraynanın uzaqmənzilli hücum kampaniyası sayəsində müharibənin gedişatında kəskin dəyişikliklər baş verib, Vladimir Putin bir neçə ay ərzində dilemma ilə üzləşə bilər: təslim olmaq, yoxsa münaqişəni dondurmaq.
“The Atlantic”in fikrincə, Moskva və ətraf ərazilərə dron hücumları Ukraynanın çoxşaxəli strategiyasını göstərir və Putinin mövqeyini sarsıtmaq üçün nəzərdə tutulub.