BAKI, 26 iyun. TELEQRAF
Qırğızıstanın paytaxtı Bişkekin meri Aybək Cunuşaliyev Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatının (UCLG) vitse-prezidenti seçilib.
Teleqraf xəbər verir ki, qərar təşkilatın Mərakeşin Tanjer şəhərində keçirilən konqresində yekdilliklə qəbul edilib.
Qeyd edək ki, Birləşmiş Şəhərlər və Yerli Hakimiyyətlər Təşkilatı yerli və regional hakimiyyət orqanlarının ən böyük beynəlxalq təşkilatıdır. 140-dan çox ölkədən 240 000-dən çox şəhər, bələdiyyə və yerli hökumətləri birləşdirir, onların maraqlarını beynəlxalq səviyyədə, o cümlədən BMT və digər beynəlxalq qurumlarda təmsil edir.
Təşkilatın vitse-prezidentləri onun idarəetmə orqanlarında xidmət edir və davamlı şəhər inkişafı, rəqəmsallaşdırma, ekologiya, bələdiyyə idarəetməsi və beynəlxalq əməkdaşlıq məsələləri üzrə strateji qərarların hazırlanmasında iştirak edirlər.
Bişkek meriyası bildirib ki, Aybək Cunuşaliyevin bu vəzifəyə seçilməsi Qırğızıstanın paytaxtının beynəlxalq mövqeyinin möhkəmlənməsini təsdiqləyir və şəhərin qlobal layihələrdə iştirakı, təcrübə mübadiləsi aparması və dünyanın müxtəlif şəhərləri ilə tərəfdaşlıq əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradır.