BAKI, 15 iyun. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blakı qəbul edib.
Teleqraf xəbər verir ki, Akordada baş tutan görüşdə qurumun Qazaxıstanda nümayəndəliyinin açılması məsələsi müzakirə olunub.
K.J.Tokayev qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə Vaşinqtonun Astana və Mərkəzi Asiya regionu ilə qarşılıqlı əlaqələri nəzərəçarpacaq dərəcədə fəallaşıb:
"Biz ABŞ Prezidentinin diplomatiyaya dair cəsarətli baxışını və praqmatik yanaşmasını tamamilə dəstəkləyirik".
Korporasiyanın investisiya prioritetlərinə toxunan K.J.Tokayev ölkəsinin praktiki və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə həmçinin kritik mineral ehtiyatlar, nəqliyyat əlaqələrinin gücləndirilməsi, aqrar-sənaye kompleksi, rəqəmsallaşma və süni intellekt sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.