BAKI, 12 iyun. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin icrasının artıq sürətlə davam etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşən dövlət başçısı regional nəqliyyat əlaqələrinin əhəmiyyətinə toxunub.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsinə 9 min işçi və 6 mindən çox texnika cəlb olunub:
"Gürcüstanın unikal coğrafi mövqeyi və Qara dənizdəki inkişaf etmiş liman infrastrukturu Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin təmin edilməsində mühüm rol oynayır. Bu səbəbdən, iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir".
Görüşdə çıxış edən İrakli Kobaxidze isə ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və inkişafına hazır olduqlarını bildirib.
O, Sadır Japarovu Gürcüstana rəsmi səfərə dəvət edib. Qırğızıstan Prezidenti dəvəti qəbul edib.