BAKI, 9 iyun. TELEQRAF

Qırğızıstan Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi Milli Elmlər Akademiyası ilə birlikdə Qırmızı kitabın yenilənməsi üzərində işə başlayıb.

Teleqraf xəbər verir ki, ölkənin Milli Elmlər Akademiyasının alimləri Qırğızıstanın bütün bölgələrində hərtərəfli tədqiqatlar aparacaqlar.

Genişmiqyaslı elmi işin əsas məqsədi nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin vəziyyəti haqda ən son və etibarlı məlumatlar əldə etməkdir.

Layihə 24 ay davam edəcək və planlaşdırılan iş üçün ümumi maliyyələşdirmə təxminən 21 milyon som təşkil edəcək.

İki illik işdən sonra alimlər nazirliyə Qırmızı kitabın yeni nəşrinin əsasını təşkil edəcək fundamental elmi bazanı təhvil verəcəklər.

Hazırda Qırğızıstanın Qırmızı kitabına nəsli kəsilməkdə olan və ya yox olmaq təhlükəsi ilə üzləşən heyvan, bitki və göbələk növləri daxildir.

Qırmızı kitaba daxil edilmək üçün nəsli kəsilməkdə və təhlükə altında olan növlərin siyahısına 57 növ quş, 23 növ məməli, 2 növ amfibiya, 8 növ sürünən, 7 növ balıq, 18 növ buğumayaqlılar, eləcə də 89 növ ali bitki və göbələk daxildir.

Qırmızı Kitabın yenilənməsi ölkənin biomüxtəlifliyinin qorunmasında mühüm addım olacaq, nadir və həssas növlərin qorunmasının gücləndirilməsi üçün elmi əsas yaradacaq.