BAKI, 1 aprel. TELEQRAF
“Dünya hazırda nəqliyyat və logistika sahəsində əsl texnoloji inqilab yaşayır, süni intellektə əsaslanan rəqəmsal məhsullar getdikcə daha geniş tətbiq olunur”.
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Uzunmüddətli çağırış nəqliyyat və logistika sahəsində əsl texnoloji inqilab və süni intellektə əsaslanan rəqəmsal məhsulların artan tətbiqidir. Bu prosesləri mütləq nəzərə almalı, onilliklər üzrə perspektivləri görməliyik. Bu, ən vacib logistika dəhlizlərinin keyfiyyətcə yeni texnoloji səviyyədə inkişafına və qabaqcıl nəqliyyat vasitələrinin tətbiqinə aiddir”, - dövlət başçısı bildirib.
Putin əlavə edib ki, yükdaşımaları üçün robototexnika və avtonom sistemlərin tətbiqi ilə geniş imkanlar açılır:
“Nəqliyyat xidmətləri bazarının bütün elementlərini inteqrasiya etmək, logistikanın pilotsuz idarəetmə sistemlərini qurmaq, beynəlxalq daşımalar üçün vahid nəqliyyat sənədləri tətbiq etmək, infrastruktur və nəqliyyat vasitələrinin vəziyyətini davamlı olaraq izləmək üçün rəqəmsal platformalardan istifadə etmək niyyətindəyik”.