BAKI, 23 mart. TELEQRAF

2007-ci ildən bəri Türkmənistan və Çin arasında ticarət dövriyyəsi iyirmi dəfə artıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Çinin CGTN televiziya kanalına verdiyi müsahibədə bildirib.

O bildirib ki, Çin uzun illərdir Türkmənistanın ən böyük ticari-iqtisadi tərəfdaşı olaraq qalır, ikitərəfli ticarət həcmi sabit şəkildə illik 9-10 milyard dollara çatıb.

Qurbanqulu Berdiməhəmmədovun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq enerji, nəqliyyat, rabitə, yüksək texnologiyalar, tekstil sənayesi və aqrar-sənaye də daxil olmaqla geniş sahələri əhatə edir.

Bunlardan əlavə, 2014-cü ildə Çini qonşu ölkələr vasitəsilə Türkmənistanla birləşdirən 750 km-dən çox uzunluğunda dəmir yolu xətti istifadəyə verilib. Şərq-Qərb nəqliyyat və tranzit dəhlizləri çərçivəsində də əməkdaşlıq inkişaf edir.

Berdiməhəmmədov Xəzər dənizi vasitəsilə ticarət yollarının genişləndirilməsi, Bəsrə körfəzi və Hind okeanındakı terminallara çıxış üçün şəraitin mövcudluğuna da diqqət çəkib. O, bunun Çinin “Bir Kəmər, Bir Yol” layihəsi və Türkmənistanın “Böyük İpək Yolunun dirçəlişi” strategiyası ilə uyğun olduğunu vurğulayıb.