BAKI, 16 mart. TELEQRAF
Özbəkistan Ədliyyə Nazirliyi tərəfindən süni intellektə əsaslanan həllərin yaradılması, tətbiqi və istifadəsi üzrə etik qaydalar dövlət qeydiyyatından keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Sənədə görə, süni intellekt texnologiyası və sistemlərindən istifadə üçün aşağıdakı əsas etik prinsiplər müəyyən edilib:
Qanunilik;
Fərd, cəmiyyət və dövlət maraqlarının, həmçinin ətraf mühitin qorunmasının üstünlüyü;
Aydınlıq və başadüşülənlik;
Məsuliyyət və cavabdehlik;
Ədalətlilik və ayrı-seçkiliyə yol verilməməsi;
Açıqlıq və şəffaflıq;
Nəlumatların qorunması;
Etibarlılıq və təhlükəsizlik.
Bununla yanaşı, bəzi qərarların qəbulunda yalnız süni intellekt sistemlərinin nəticələrinə əsaslanmamaq tələbi də tətbiq olunub. Xüsusilə insan hüquq və azadlıqlarına aid hüquqi əhəmiyyətli qərarlar, həmçinin səhiyyə sahəsində, məsələn, xəstəliklərin diaqnozu və ya müalicə üsullarının müəyyən edilməsi kimi məsələlərdə qərar qəbul edərkən süni intellekt nəticələrinə tam şəkildə güvənməyin mümkün olmadığı qeyd edilib.
Qaydalara əsasən, süni intellekt texnologiyalarını hazırlayan və tətbiq edən şəxslər istifadəçiləri bu texnologiyaların hansı məqsədlərlə istifadə edilə biləcəyi və ya qadağan olunduğu barədə, həmçinin süni intellektə əsaslanan qərarların həmişə tam doğru olmaya biləcəyi barədə xəbərdar etməlidirlər. Həmçinin izah edilməlidir ki, bu cür həllər əsasən tövsiyə və ya məlumat mənbəyi kimi istifadə oluna bilər.
Sənəddə süni intellekt sahəsində iştirak edən subyektlərin hüquq və vəzifələri də müəyyən olunub. Hesab edilir ki, bu etik qaydalar Özbəkistanda süni intellekt texnologiyalarının məsuliyyətli və təhlükəsiz tətbiqini təmin etməyə xidmət edəcək.