BAKI, 18 fevral. TELEQRAF

“Avropanın Münxen Təhlükəsizlik Konfransındakı davranışı bir daha göstərdi ki, “vampir balı” sona yaxınlaşır”.

Teleqraf xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Avropa ölkələri Rusiyanın illər boyu onları səhvlərdən çəkindirdiyini etiraf etmək əvəzinə - Moskvanın səsinə qulaq asmaq istəmədilər - indi Andersenin “Çılpaq kral” nağılında olduğu kimi, birdən-birə özlərini görüb, çılpaq olduqlarını qışqırmağa başlayıblar.

“Yəqin bu, son mərhələ deyil, çünki güzgüyə baxanda öz əkslərini görməyəcəklər. Bu da bizə yenidən Rusiya Prezidenti Vladimir Putinin sitatını xatırladır: “vampir balı” başa çatır”, - o bildirib.

Xatırladaq ki, Rusiya lideri 2024-cü ilin martında Qərb elitalarının əsrlər boyu insan əti ilə qarınlarını, pulla isə ciblərini doldurmağa öyrəşdiklərini, amma artıq “vampir balı”nın sona çatdığını anlamalı olduqlarını söyləmişdi.