BAKI, 17 fevral. TELEQRAF

Qırğızıstanın Hərbi Prokurorluğu və Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsi Prezident Sadır Japarovun göstərişi ilə Milli Təhlükəsizlik Komitəsinin keçmiş əməkdaşları barədə istintaq aparıb.

Teleqraf xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb.

İstintaq tədbirləri nəticəsində qanunu pozan kəşfiyyat zabitlərinin işdən çıxarıldığı bildirilir. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.

“Qırğızıstan Prezidentinin göstərişi ilə Hərbi Prokurorluq və DİN Baş İstintaq İdarəsi MTK-nin keçmiş əməkdaşları ilə bağlı kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirib. Onlar vəzifələrində olarkən səlahiyyətlərini aşmaqda şübhəli bilinirlər. Yoxlamanın nəticələrinə əsasən kadrlarla bağlı prinsipal qərarlar qəbul edilib. Qanun pozuntuları edən şəxslər tutduqları vəzifələrdən azad edilib və milli təhlükəsizlik orqanlarının sıralarından çıxarılıb”, - məlumatda deyilir.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarov fevralın 10-da özünün yaxın dostu və uzunmüddətli siyasi silahdaşı Kamçıbek Taşiyevi baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifələrindən azad edib. O, həmçinin Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb. Taşiyev istefaya göndərilərkən Almaniyada müalicədə olub, fevralın 13-də Bişkekə qayıdıb.

Sadır Japarov bu qərarı cəmiyyətdə parçalanmanın qarşısını almaq məqsədilə verdiyini açıqlayıb.

Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.