BAKI, 17 fevral. TELEQRAF
Fevralın 10-da vəzifəsindən azad edilən Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri general-polkovnik Kamçıbek Taşiyev ölkəni tərk edib.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.
İddiaya görə, Taşiyevin ölkədən gedişi müvəqqətidir. Onun xaricə üz tutmasının məqsəd və müddəti də daxil olmaqla əlavə məlumat verilmir.
Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarov fevralın 10-da özünün yaxın dostu və uzunmüddətli siyasi silahdaşı Kamçıbek Taşiyevi baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifələrindən azad edib. O, həmçinin Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb. Taşiyev istefaya göndərilərkən Almaniyada müalicədə olub, fevralın 13-də Bişkekə qayıdıb.
Sadır Japarov bu qərarı cəmiyyətdə parçalanmanın qarşısını almaq məqsədilə verdiyini açıqlayıb.
Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.