BAKI, 16 fevral. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat Nazirliyi və Təbii Sərvətlər Nazirliyinin rəhbərlərini işdən çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat verib.
Fərmana əsasən Meder Maşiyev təbii sərvətlər naziri vəzifəsindən azad edilib. Bobek Azhikeyev fövqəladə hallar naziri postundan, Absattar Sırqabayev isə nəqliyyat naziri vəzifəsindən uzaqlaşdırılıb.
Prezident həmçinin Urmatbek Şamırkanovu fövqəladə hallar naziri, Akıl Toktobayevi təbii sərvətlər naziri, Talantbek Soltobayevi isə nəqliyyat naziri vəzifələrinin müvəqqəti icraçısı təyin edib. Onların namizədlikləri razılaşdırma üçün parlamentə təqdim ediləcək.
Nazirlərin vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, Qırğızıstan Prezidenti fevralın 10-da Kamçıbek Taşiyevi baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifələrindən azad edib. Bundan sonra parlamentin spikeri Nurlanbek Turqunbek-ulu istefa verib və bir neçə nazir də vəzifəsindən kənarlaşdırılıb.