BAKI, 16 fevral. TELEQRAF
“Onunla dost olaraq qalırıq. Hansısa mübahisəli məsələ ortaya çıxdıqda, onu heç kimlə mübahisə etmədən, sakitcə həll etməyə üstünlük verirəm”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Kamçıbek Taşiyevin Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılması ətrafında gedən müzakirələr barədə “Kabar” informasiya agentliyinə deyib.
“Biz dost olaraq qalacağıq. Amma həmin şəxs heç bir dövlət vəzifəsinə təyin olunmayacaq. Qoy dost istirahət etsin və sağlamlığına baxsın. Qoy ətraflarındakı “ağsaqqal və ya mavisaqqallar”dan qurtulsunlar, təmizlənsinlər. İstintaq xidməti hər şeyi müəyyən edib təmizləyəcək. Əlbəttə, indi təşəkkür etməyəcəklər, narahat qalacaqlar. Amma illər sonra təşəkkür edəcəklər ki, dostum, onda düz etdin”, - o bildirib.
Prezident vəzifəsindən uzaqlaşdırdıqdan sonra Taşiyevlə görüşdüyünü açıqlayıb: “Bəli, görüşdük. Dünən gecə onu qəbul etdim. Dedim ki, özünə və səhhətinə yaxşı bax, dostum, dincəl”.
Qeyd edək ki, Sadır Japarov fevralın 10-da yaxın dostu və uzunmüddətli siyasi silahdaşı Kamçıbek Taşiyevi baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edib. Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.