BAKI, 16 fevral. TELEQRAF
“Heç vaxt ölkədə şimal-cənub bölgüsünə yol verməyəcəyəm. Belə parçalanmaları ancaq lazım olanda siyasətçilər şəxsi maraqları üçün istifadə edirlər, sadə xalqdan alət kimi yararlanırlar”.
Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Kamçıbek Taşiyevin Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılması ətrafında gedən müzakirələr barədə “Kabar” informasiya agentliyinə deyib.
“Müstəqillik əldə ediləndən bəri siyasətçilər həmişə ölkəni şimal-cənuba bölürlər. Siyasətə ilk dəfə 2005-ci ildə gələndə bunu öz gözlərimlə gördüm. Hökumətin yarısı şimaldan, yarısı cənubdan olsun deyə bölürdülər, eyni yanaşma ayrı-ayrı nazirliklərdə də vardı. O vaxt buna çox üzülmüşdüm. Elə onda öz-özümə söz vermişdim ki, Allah qismət eləsə, gələcəkdə prezident olsam, Qırğızıstanın bu dərdini mütləq sağaldacağam.
2021-ci ildən bəri bu cür bölünmələrin aradan qalxdığını yəqin ki, siz də görürsünüz. Məsələn, rayon icra başçıları, hakimlər, prokurorluq, Milli Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin rəhbərliyini rotasiya etmişik”, - o bildirib.
Sadır Japarov məsələ ilə əlaqədar xalqa da müraciət edib:
“Buna görə də xalqa müraciət edirəm: aldanmayın. Prezidentin şimallı və ya cənublu olması fərq etmir. Əsas odur ki, təmiz işləsin. Den Syaopinin dediyi kimi: pişiyin ağ və ya qara olması vacib deyil, əsas odur, siçanı tutsun. Yəni təmiz, qərəzsiz, ədalətli olsun və hamıya bərabər xidmət etsin, bu kifayətdir. Bu gün ayrı-seçkilik edilmədən ölkənin bütün bölgələrində eyni işlər görülür: tikintilər aparılır, yollar asfaltlanır, sosial obyektlər inşa edilir. Hər bir vətəndaş bilməlidir ki, bunlar kiminsə şəxsi pulu ilə yox, dövlət və xalqın pulu ilə görülür. Nəhayət, şimal-cənub bölgüsü xəstəliyini aradan qaldıracağam. Bu, vaxt aparacaq”.