BAKI, 13 fevral. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov Joqorku Keneşin (parlament) sədri Nurlanbek Turqunbek-ulunun istefasına münasibət bildirib.

Teleqraf xəbər verir ki, dövlət başçısı “Kabar” agentliyinə verdiyi müsahibədə spikerin addımı ilə ictimaiyyətdə müzakirə edilən “75 nəfərin məktubu” arasındakı əlaqə ilə bağlı sualı cavablandırıb.

Prezidentin sözlərinə görə, bu hadisələr arasında birbaşa əlaqə olduğunu demək çətindir, amma müəyyən hallar təsir göstərə bilər.

“Onun birbaşa iştirak etdiyini deməkdən uzağam. Bəlkə də ona onlar və ya bunları təşkil edənlər təsir göstəriblər. Bəlkə də o, deputatların öz aralarında bölünməyə başlamasına imkan verdiyinə görə özünü günahkar hiss edib və bu qənaətə gəlib”, - Sadır Japarov vurğulayıb.

Xatırladaq ki, fevralın 9-da Qırğızıstanda tanınmış siyasi-ictimai xadimlərdən ibarət bir qrup ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edən petisiya dərc edib. Prezidentə ünvanlanan müraciəti 75 nəfər imzalayıb. Onların arasında iki keçmiş baş nazir, bir neçə sabiq deputat və keçmiş nazir də var. Onların fikrincə, Japarov 2021-ci ildə Konstitusiyanın əvvəlki redaksiyası dövründə seçilib, üç ay sonra isə yeni Konstitusiya layihəsi qəbul edilib. Həmin variantda prezidentin səlahiyyət müddəti 6 ildən 5 ilə endirilib, amma o, bir yox, iki müddətə seçilə bilər. “Hüquqi uyğunsuzluqların qarşısını almaq üçün” petisiya təşəbbüskarları növbədənkənar seçkilərin keçirilməsini təklif ediblər. İstintaq çərçivəsində artıq beş nəfər həbs olunub.

Əlavə edək ki, deputat Marlen Mamataliyev Nurlanbek Turqunbek-ulunun fevralın 12-də istefa verməsindən sonra Qırğızıstan Joqorku Keneşinin sədri seçilib.