BAKI, 13 fevral. TELEQRAF

“Dövlətin maraqları həm karyera, həm də dostluqdan üstündür”.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” agentliyinə verdiyi müsahibədə bildirib.

“Xalqın əksəriyyəti mənə dövlət və xalqın taleyini etibar etdi və məni 2021-ci ildə prezident seçdi. Konstitusiya prezidenti dövlətin bütövlüyü, xalq və dövlət qulluqçularının birliyini qorumağa məcbur edir. Mən bu vəzifəni dəqiq yerinə yetirmişəm. Çünki dövlət və xalqın maraqları karyera və dostluqdan daha yüksəkdir”, - Japarov vurğulayıb.

Qırğızıstan Prezidenti fevralın 10-da özünün yaxın və uzunmüddətli siyasi silahdaşı və dostu Kamçıbek Taşiyevi baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edib. O, həmçinin Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb. Taşiyev istefa zamanı Almaniyada müalicədə idi, fevralın 13-də Bişkekə qayıdıb.

Sadır Japarov bu qərarı cəmiyyətdə parçalanmanın qarşısını almaq məqsədilə verdiyini açıqlayıb.

Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.