BAKI, 13 fevral. TELEQRAF
“Qırğızıstanda başlanmış istintaq ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edən bir qrup şəxsin fəaliyyətinin miqyasını üzə çıxaracaq”.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov dövlət informasiya agentliyi “Kabar”a verdiyi müsahibədə bildirib.
“Hazırda müvafiq orqanlar istintaq aparır. Məhz bu istintaq həmin təşəbbüsün miqyas və iştirakçıların sayını göstərəcək”, - o qeyd edib.
Dövlət başçısı istisna etmir ki, qrupun iştirakçılarının sayı hazırda məlum olandan daha çoxdur: “Amma yekun cavab vermək üçün istintaqın nəticələrini gözləyəcəyəm”.
Fevralın 9-da Qırğızıstanda tanınmış siyasi-ictimai xadimlərdən ibarət bir qrup ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edən petisiya dərc edib. Prezidentə ünvanlanan müraciəti 75 nəfər imzalayıb. Onların arasında iki keçmiş baş nazir, bir neçə sabiq deputat və keçmiş nazir də var. Onların fikrincə, Japarov 2021-ci ildə Konstitusiyanın əvvəlki redaksiyası dövründə seçilib, üç ay sonra isə yeni Konstitusiya layihəsi qəbul edilib. Həmin variantda prezidentin səlahiyyət müddəti 6 ildən 5 ilə endirilib, amma o, bir yox, iki müddətə seçilə bilər. “Hüquqi uyğunsuzluqların qarşısını almaq üçün” petisiya təşəbbüskarları növbədənkənar seçkilərin keçirilməsini təklif ediblər. İstintaq çərçivəsində artıq beş nəfər həbs olunub.
Ertəsi gün Japarov özünün yaxın və uzunmüddətli siyasi silahdaşı və dostu Kamçıbek Taşiyevi baş nazirin müavini və Milli Təhlükəsizlik Komitəsinin (MTDK) sədri vəzifəsindən azad edib. O, həmçinin Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb. Taşiyev istefa zamanı Almaniyada müalicədə idi, fevralın 13-də Bişkekə qayıdıb.
Qırğızıstan lideri başqa bir fərmanla Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edib.