BAKI, 10 fevral. TELEQRAF

Nurlanbek Turqunbek-ulunun Qırğızıstan parlamentinin sədri vəzifəsindən istefası məsələsinə baxılmayıb.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Turqunbek-ulunun istefası xəbəri Prezident Sadır Japarovun baş nazirin müavini və Dövlət Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyevi vəzifəsindən uzaqlaşdırmasından sonra yayılıb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ Joqorku Keneş tərəfindən nəzərdən keçirilmir. Qırğızıstan Joqorku Keneşinin sədri hazırda parlament fraksiyalarının rəhbərlərinin müşayiəti ilə Türkiyədə rəsmi səfərdədir.

Reqlamentə əsasən, spiker parlament nümayəndələri müvafiq tələb irəli sürdükdən və bütün deputat korpusunun səsverməsindən sonra vəzifəsindən kənarlaşdırıla bilər.

Qeyd edək ki, Kamçıbek Taşiyev bundan əvvəl Qırğızıstan Prezidentinin fərmanı ilə üç müavini ilə birlikdə vəzifəsindən uzaqlaşdırılıb. Sadır Japarovun başqa bir fərmanı ilə Jumqalbek Şabdanbekovu Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilib.