BAKI, 4 fevral. TELEQRAF

Qazaxıstan və Pakistan əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə İslamabadda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Pakistan Baş naziri Şahbaz Şərif deyib.

“Qazaxıstan bizim strateji tərəfdaşımızdır. Dostluğumuzu möhkəmləndirmək və iqtisadiyyat, siyasət və müdafiənin müxtəlif sahələrində etibarlı tərəfdaşlıq qurmaq, eləcə də ticarət dəhlizlərinin formalaşdırılması üçün Qazaxıstan hökuməti ilə sıx əməkdaşlıq etmək istəyirik”, - Baş nazir bildirib.

Şahbaz Şərifin sözlərinə görə, Pakistan və Qazaxıstan enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat və rəqəmsallaşdırma sahələrində tərəfdaşlıq da daxil olmaqla, ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün əhəmiyyətli potensiala malikdir.

Baş nazir ikitərəfli münasibətlərin bütün sahələrində konkret və əhəmiyyətli irəliləyişin zəruriliyinə diqqət çəkib. Görüşün sonunda Kasım-Jomart Tokayev və Şahbaz Şərif hər iki ölkənin xalqlarının rifahı naminə çoxşaxəli əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduqlarını təsdiqləyib.