BAKI, 2 fevral. TELEQRAF

Qazaxıstan Ukrayna vətəndaşı Aleksandr Kaçkurkini “dövlətə xəyanət” ittihamı ilə Rusiyaya deportasiya edib.

Teleqraf xəbər verir ki, bu barədə “Pervıy Otdel” insan hüquqları qrupu məlumat yayıb.

Bildirilib ki, Aleksandr Kaçkurkin son illərdə Almatıda yaşayırmış, ölkədən çıxarıldıqdan sonra “dövlətə xəyanət” cinayət işi üzrə həbs olunub.

Aleksandr Kaçkurkin Ukrayna vətəndaşıdır, Krımda doğulub və böyüyüb. 2014-cü ildə ona Rusiya vətəndaşlığı verilib. Siyasi səbəblərə görə Rusiyanı tərk edərək Qazaxıstana köçüb.

Kaçkurkin “DevOps” mühəndisi və IT proqramçısı kimi çalışıb. Həbs olunmazdan əvvəl bir neçə layihədə iştirak edib, o cümlədən GPT dil modellərinin inkişafı üzrə OpenAI ilə əməkdaşlıq edib.

Almatı şəhərinin Bostandıq rayonun polis rəisi Didar Axanovun bəyanatına görə, Aleksandr Kaçkurkin inzibati qaydada iki epizod üzrə məsuliyyətə cəlb olunub - yol keçidini qanunsuz yerdə keçmək və qapalı məkanlarda qalyan çəkmək. Bu materiallara əsaslanaraq polis məhkəməyə müraciət edərək Kaçkurkinin deportasiyasını tələb edib, onun “Qazaxıstan Respublikasının qanunları və suverenliyinə hörmətsizlik göstərdiyini” və “qanun pozuntularının qarşısını almaq və xəbərdarlıq etmək” zərurətini vurğulayıb.

Rusiyaya çatdıqdan sonra Aleksandr Kaçkurkin saxlanılaraq məhkəməyə çıxarılıb. Moskva şəhəri onun barəsində “dövlətə xəyanət” ittihamı üzrə həbs-qətimkan tədbiri seçib.