BAKI, 2 fevral. TELEQRAF

Qırğızıstan Joqorku Keneşinin (parlament) saytında Ailə Məcəlləsi, “Vətəndaşların vəziyyəti haqqında” və “Vətəndaşların sağlamlığının qorunması haqqında” qanunlara dəyişikliklər layihəsi ilə bağlı ictimai müzakirələr başlayıb.

Teleqraf xəbər verir ki, layihənin məqsədi dövlət sənədlərində bioloji cinsiyyətin dəyişməzliyini təmin etmək və onun dəyişdirilməsi prosedurlarını məhdudlaşdırmaqdır.

Sənəddə şəxsin cinsinin yalnız doğum zamanı qeydə alınan bioloji xüsusiyyətlərlə müəyyən edildiyi və bu qeydin nə vətəndaşın tələbi, nə tibbi arayış, nə də məhkəmə qərarı ilə dəyişdirilə bilməyəcəyi qeyd olunur. İstisna yalnız mülki qeydiyyat şöbəsi əməkdaşları tərəfindən texniki səhvlərin düzəldilməsi üçün nəzərdə tutulub.

Layihəyə görə, Ailə Məcəlləsinə belə bir maddə əlavə olunur ki, bioloji cins ailə münasibətlərinin tənzimlənməsi, nikahın bağlanması, valideyn hüquqlarının müəyyənləşdirilməsi üçün yeganə tanınmış kateqoriya hesab olunsun.

Valideynlər həmçinin uşaqları onların bioloji cinsinə uyğun tərbiyə etmək öhdəliyi daşıyacaqlar.

“Vətəndaşların vəziyyəti haqqında” qanuna edilən dəyişikliklər doğum haqqında aktlarda cinsiyyət qeydi yekun və dəyişdirilməz olduğunu aydın şəkildə təsbit edir. Bundan sonra yalnız ilkin qeydiyyat zamanı yaranmış texniki səhvlərin düzəldilməsi mümkün olacaq.

“Vətəndaşların sağlamlığının qorunması haqqında” qanuna da əhəmiyyətli dəyişikliklər edilir. Layihəyə əsasən, cinsiyyətin dəyişdirilməsinə yönəlmiş tibbi müdaxilə, o cümlədən cərrahi əməliyyat və hormon terapiyası qadağan olunur. Yalnız nadir hallarda, həkim komissiyası və məhkəmə qərarı ilə təsdiqlənmiş doğuşdan gələn cinsi inkişaf anomaliyalarının müalicəsi istisna təşkil edir.

Layihə müəllifləri sənədin ailə dəyərlərinin qorunması, hüquqi ziddiyyətlərin qarşısının alınması və şəxsi məlumatların qeydiyyat sisteminin gücləndirilməsinə yönəldiyini vurğulayırlar.

Qanun layihəsi Joqorku Keneşin saytında yerləşdirilib, ictimai müzakirəyə açıqdır, bundan sonra parlament komitələrinin müzakirəsinə təqdim olunacaq.