BAKI, 22 yanvar. TELEQRAF

2025-ci ildə Qırğızıstanın ixracı kəskin şəkildə aşağı düşüb, göstərici əvvəlki illərlə müqayisədə 43,5 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat və Ticarət Nazirliyi məlumat yayıb.

Nazirliyin hesablamalarına görə, malların ümumi ixrac həcmi 2,6 milyard dollar təşkil edib, qızıl nəzərə alınmadan isə ixrac 19,7 faiz azalaraq 1,9 milyard dollara düşüb. İxracın azalmasının əsas səbəblərindən biri kimi Qırğızıstanın əsas ticarət tərəfdaşları olan Rusiya və Qazaxıstan bazarlarında tələbatın zəifləməsi göstərilir.

Həmçinin, 2025-ci ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 14 milyard dollar olub ki, bu da illik müqayisədə 12,2 faiz azalma deməkdir. İxracın payı cəmi 18,5 faiz, idxalın payı isə 81,5 faiz təşkil edib. Nazirliyin məlumatına əsasən, idxalın həcmi 11,4 milyard dollara çatıb, 0,5 faiz artıb.