BAKI, 12 noyabr. TELEQRAF

Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak edirlər.

Filmin rejissoru və ssenari müəllifi Fariz Əhmədov bildirib ki, "Sükut içində addımlar” filmi Qarabağda, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini və bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranlarımızın həyatını əks etdirir: "Bakı Media Mərkəzi işğaldan azad olunmuş ərazilərimizdə bir sıra layihələr həyata keçirib. Çəkiliş zamanı minaxtaran qadınların fəaliyyəti ilə tanış olduq və onlar haqqında film çəkmək qərarına gəldik. Əsas məqsədimiz heç bir pafos və statistika olmadan həmin qadınların gündəlik həyatını dünya ictimaiyyətinə, tamaşaçılara çatdırmaq idi. Hesab edirəm ki, bu istiqamətdə seçdiyimiz yol aydın idi. Bir çox avropalı üçün bu xanımların fəaliyyəti təhlükəli görünür. Amma Azərbaycan qadınının nə qədər gözəl və zərif olmasına baxmayaraq, eyni zamanda belə bir işlə məşğul olmasını göstərməyə çalışdıq. Filmin çəkilişlərinə 2024-cü ildən başlamışıq. Ekran əsəri müşahidə janrında qurulub və əsasən həmin qadınların gündəlik həyat tərzini, fəaliyyətindən bəhs edilir".

Film Azərbaycan qadınını həm mina kimi gizli düşmənə qarşı elan olunan müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir edir. Onların gündəlik həyatında xüsusi qurğuların texniki siqnalları, təhlükə, iradə, kövrəklik, güc, ölüm və qalım mövzuları sükutun fonunda tamaşaçıya təsirli şəkildə çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.

Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar.

Filmin 66-cı Krakov Film Festivalının müsabiqəsində ilk dünya premyerası baş tutub və “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.

Film sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı "Modern Times Review" platformasında da yer alıb. Bununla yanaşı ekran əsəri Polşada “NNW” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi qeydi” mükafatı ilə təltif edilib, Rumıniyada “Astra Film Festivalı”nda da beynəlxalq ictimaiyyətə təqdim olunub.

"Sükut içində addımlar” filmi Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, "Drygas Film Production" və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunub.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.

Xatırladaq ki, Bakı Media Mərkəzi “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!”, "Tağıyev" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.