BAKI, 25 dekabr. TELEQRAF

“Qırğızıstan korrupsiya və mütəşəkkil cinayətkarlıqla fəal mübarizə aparan güclü bir dövlətə çevrilir. Oğurluq etsəniz, həbsxanaya düşəcəksiniz, rüşvət versəniz və ya alsanız, həbsxanaya düşəcəksiniz. Korrupsiya dövləti aşağı çəkən bir parazitdir”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov IV Xalq Qurultayında çıxışı zamanı deyib.

Prezident bildirib ki, qanun qarşısında bərabərlik və korrupsiyanın ciddi şəkildə qarşısının alınması dövlət siyasətinin prioritetləri olaraq qalır.

Sadır Japarov Qırğızıstanda məhkəmə sistemindən narazılığın əvvəllər də mövcud olduğunu və olduqca ciddi olduğunu da vurğulayıb: “Hakimlər qanunun xidmətçiləri olmalıdır, sərt, prinsipial və ədalətli, həm də humanist olmalıdır”.

Japarov dövlətin öz öhdəliklərini yerinə yetirdiyini və indi məsuliyyətin hakimlərin üzərində olduğunu söyləyib: “Öz qərarını satan hakim hakim deyil, dövlətin təməllərini sarsıdan biridir. Məhkəmə sistemində korrupsiya və ya pərdəarxası sövdələşmələrə yer olmamalıdır və bu cür hərəkətlərdə günahkar bilinən hər hansı biri qeyd-şərtsiz işdən kənarlaşdırılacaq və bu sahədə işlərini davam etdirmək qadağan ediləcək”.

Qırğızıstan lideri iddia edib ki, dövlət məhkəmə sisteminin gücləndirilməsi üçün səylərini davam etdirəcək.