BAKI, 25 dekabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov qurultay nümayəndələrini hakimiyyətə yaltaqlanmağa deyil, bütün aktual məsələ və problemləri onun diqqətinə çatdırmağa çağırdı.

Teleqraf xəbər verir ki, Sadır Japarov bu açıqlamanı bu gün IV Xalq Qurultayında verib.

Dövlət başçısı insanları mövzudan yayınmamağa çağırıb.

“İndi 150 nümayəndə çıxış etməyə başlayacaq. Hamı bizi salamlayacaq, Yeni ilə görə təbrik edəcək və sonra hakimiyyəti tərifləməyə başlayacaq. Bu, üç dəqiqənin yarısını tutacaq və bu da bəziləri üçün ayrılmış vaxtın itirilməsinə səbəb olacaq. Sonra da daha çox vaxt istəməyə başlayacaqsınız. Buna görə də, vaxtımızı boşa sərf etməmək üçün birbaşa mətləbə keçin. Əks təqdirdə, sabah müxalifət və QHT-lər ilk olaraq bizi tərifləmək üçün nümayəndələr topladığımızı qışqıracaqlar. Tərifə ehtiyacımız yoxdur. Əgər hansısa bir konstruktiv tənqidiniz varsa, qorxmadan danışın, heç kim sizi məsuliyyətə cəlb etməyəcək”, - o bildirib.