BAKI, 17 dekabr. TELEQRAF

“Yuqoslaviya və serbləri - bir xalqı Qərb parçalayıb”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

“Qərb ölkələri sonda Yuqoslaviya və serbləri didib-parçaladılar, dağıtdılar. Bir xalqı parçaladılar və məsələ bununla bitdi”, - o deyib.

Putin qeyd edib ki, nəticə etibarilə Qərblə münasibətlərdə müharibədən sonrakı dövrdə yaradılmış mexanizmlərdən heç biri işləməyib: “Hər şey çox sürətlə deqradasiyaya uğramağa başladı, bütün bu qaydalar, BMT Nizamnaməsi də daxil olmaqla, gözardı edildi. Yuqoslaviyadakı hadisələr... BMT Nizamnaməsi harada idi, güc tətbiqi məsələsi necə oldu? Biz bu barədə dəfələrlə danışmışıq, amma bu faktdır. Heç nə yox idi, Qərbdə sadəcə özlərinə lazım bildiklərini edirdilər”.

Vladimir Putin iddia edib ki, SSRİ-nin dağılmasından bəri Qərb Rusiya ilə bağlı bütün qərarları güc mövqeyindən qəbul edib.

“Sovet İttifaqı dağıldıqdan sonra Rusiyaya elə gəlirdi ki, dərhal guya sivil Qərb ailəsinin bir hissəsinə çevriləcək. Heç vaxt bu ailənin bərabərhüquqlu üzvü olmadıq, əksinə.

Demək olar ki, Rusiya ilə bağlı bütün məsələlər güc mövqeyindən həll olunurdu: çiynindən vurub müxtəlif tədbirlərə dəvət edirdilər. Qərb Rusiya istiqamətində öz maraqlarını məhz güc yolu ilə diktə edirdi”.