BAKI, 12 dekabr. TELEQRAF
“Beynəlxalq hüququn eroziyaya uğraması və onun bəzi qaydalarla əvəzlənməsi, BMT-nin dünyadakı rolunu zəiflədir”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı beynəlxalq təşkilatda islahatların zəruri olduğunu vurğulayıb.
“Təəssüf ki, qarşılıqlı etimad, tolerantlıq, sülh və əməkdaşlığın dayanıqlı inkişaf üçün əhəmiyyətinin dərk edilməsi kimi həyati vacib amillər çatışmır. Beynəlxalq hüququn eroziyası, onun bəzi qaydalarla əvəz olunması və çoxtərəfli institutların, ilk növbədə BMT-nin nüfuz və effektivliyinin azalmasını da qeyd etmək lazımdır”, - Tokayev Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda çıxışı zamanı bildirib.
Qazaxıstan lideri qeyd edib ki, strateji balans və ədalətli dünya nizamı bərpa olunmadan beynəlxalq sabitlik və təhlükəsizlik danışıqlarda sadəcə ifadə və xoş niyyət kimi qala bilər:
“Buna görə də Qazaxıstan BMT-də islahatlar, o cümlədən BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və Baş Assambleyanın rolunun gücləndirilməsinin tərəfdarıdır. O da çox vacibdir ki, bütün böyük dövlətlər siyasi iradə nümayiş etdirsin, BMT-yə üzv dövlətləri genişmiqyaslı dialoqa başlamağa, strateji təmkin göstərməyə və çətin kompromislərə hazır olmağa çağırsın”.