BAKI, 22 noyabr. TELEQRAF
Yaponiya Tayvan boğazındakı vəziyyətə hərbi müdaxilə etməyə çalışsa, Çin özünümüdafiə hüququndan istifadə edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Fu Sun BMT baş Katibi Antonio Quterreşə məktubunda bildirib.
“Əgər Yaponiya Tayvan boğazındakı vəziyyətə hərbi müdaxilə etməyə cəsarət edərsə, bu, təcavüz aktı olacaq. Çin BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan qətiyyətlə istifadə edəcək və suverenliyini möhkəm müdafiə edəcək”, - çinli diplomat vurğulayıb.
Fu Sunun sözlərinə görə, 1945-ci ildən bəri ilk dəfədir bir Yaponiya lideri tərəfindən rəsmi şəkildə Tayvandakı fövqəladə vəziyyət ölkənin təhlükəsizliyi və kollektiv özünümüdafiə hüququ ilə əlaqələndirilir. Diplomatın fikrincə, bu, həm də ilk haldır ki, Tokio hərbi müdaxilə ambisiyasını önə çəkib və faktiki olaraq Çini güc tətbiqi ilə hədəyib.
Tokio-Pekin münasibətləri Yaponiya Baş naziri Sanae Takaiçinin parlamentdəki son müzakirələr zamanı verdiyi açıqlamaya görə gərginləşib. O deyib ki, Tayvanda baş verə biləcək hərbi böhran ölkəsi üçün ekzistensial (mövcudluq) təhdid olacaq və Yaponiya kollektiv özünümüdafiə hüququndan istifadə etməyə məcbur ola bilər. Bu çıxış Pekində kəskin narazılıq doğurub və Tokionun ciddi şəkildə xəbərdarlıq almasına səbəb olub.
Çinin Osakadakı baş konsulu Şüe Szyan sosial mediada Takaiçini başını kəsməklə hədələsə də, ardınca bu paylaşımı silib. Ardınca Çin Xarici İşlər Nazirliyi vətəndaşlarını Yaponiyaya səfərlərdən çəkinmək barədə xəbərdarlıq edib.