BAKI, 21 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistan Baş naziri Nikol Paşinyanı “Qızıl Qartal” ordeni ilə təltif edib.
Teleqraf xəbər verir ki, bu, liderlərin Astanda görüşü zamanı baş verib.
“Siz çox çətin geosiyasi vəziyyətdə qeyri-adi və cəsarətli qərar qəbul etdiniz. Son nəticədə bu, erməni xalqının xeyrinə olan çox dəyərli qərar idi. Aydındır ki, dost, qardaş Ermənistan sülh və davamlı inkişaf yolunu seçib. Bu işdə sizin tarixi töhfəniz böyükdür. Qeyd etmək istərdim ki, siz Ermənistan və Azərbaycan arasında Vaşinqtonda qəbul edilmiş sülh sazişinin təşviqində mühüm rol oynamısınız”, - Qazaxıstan Prezidenti Ermənistan Baş nazirinə deyib.
Kasım-Jomart Tokayev bəyan edib ki, bu gün Qazaxıstan-Ermənistan dövlətlərarası münasibətləri strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksəlib:
“Qazaxıstan-Ermənistan münasibətlərinin inkişafında böyük töhfə və nailiyyətlərinizi nəzərə alaraq, bu gün sizi Qazaxıstan Respublikasının ali dövlət mükafatı “Qızıl Qartal” ordeni ilə təltif etmək qərarına gəldim. Bu, bizim sarsılmaz qardaşlığımız, möhkəm qarşılıqlı etimad və xalqlarımızın gələcəyinə ümumi istəklərimizin parlaq rəmzidir”.