BAKI, 13 noyabr. TELEQRAF

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev qırğızıstanlıları soy və nəsil əsasına görə bölünməyə son qoymağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Region” telekanalına müsahibəsində bildirib.

Taşiyevin sözlərinə görə, son zamanlar cəmiyyətdə vətəndaşların öz soylarını yüksək tutmaq, mənşəyi ilə həddindən artıq öyünmək, soy nişanları və damğalarını istifadə etmək, öz soylarının simvolları altında qurultaylar keçirmək kimi tendensiya güclənib.

“Buna son qoymaq lazımdır, düzgün deyil. Bəli, öz yeddi ata (yeddi nəsil), soy və qohumlarınızı tanımaq vacibdir, amma bunu dövlət səviyyəsinə qaldırmaq olmaz. Belə tədbirlər təşkil etməyin! Özünüzü ayrıca dövlət kimi göstərməyə son qoyun, - o deyib.

Kamçıbek Taşiyev qeyd edib ki, xalq birlik və həmrəyliyini qoruyub saxlamalıdır, soy əsasına görə parçalanmamalıdır. O əlavə edib ki, ölkə rəhbərliyi belə hallara qarşıdır, çünki Qırğızıstan üçün sülh, sabitlik və həmrəylik vacibdir.