BAKI, 11 noyabr. TELEQRAF
Qazaxstan Strateji Araşdırmalar İnstitutunun sifarişi ilə bu ilin oktyabrında sosial sorğu keçirilib. Nəticələr göstərib ki, qazaxıstanlıların 81,1%-i siyasi kursu dəstəkləyir və ölkənin düzgün istiqamətdə inkişaf etdiyinə əmindir.
Teleqraf xəbər verir ki, bu barədə kaz.inform məlumat yayıb.
Sosial-demoqrafik təhlilin göstərdiyi kimi, gənclər arasında sosial optimizmin ən yüksək səviyyəsi ənənəvi olaraq üstünlük təşkil edir. 18-29 yaşlı respondentlərin 85,5%-i ölkədə aparılan islahatları dəstəklədiyini bildirib.
Kənd sakinləri ölkənin inkişaf istiqamətinə daha nikbin baxıblar - onların 84,3 faizi ölkənin düzgün istiqamətdə inkişaf etdiyini qeyd edib. Şəhər sakinləri arasında bu göstərici 79,1% təşkil edir.
Gender nöqteyi-nəzərindən sosial nikbinlik səviyyəsində ciddi fərq yoxdur: kişilərin 80,5%-i və qadınların 81,7%-i ölkənin inkişaf istiqamətini müsbət qiymətləndirdiyini bildirib.
"Vətəndaşların siyasi kursdan məmnunluq səviyyəsini şərtləndirən mühüm göstəricilərdən biri ölkədəki sabitliyin qiymətləndirilməsidir. Sabitlik sosial-iqtisadi inkişafın və şəxsi rifahın əsas şərtidir. Bununla əlaqədar olaraq sorğuya bu mövzuya həsr olunmuş ayrıca suallar bloku daxil edilib”, - məlumatda deyilir.
Qazaxıstanlıların əksəriyyəti ölkədəki vəziyyəti sabit hesab edir. Respondentlərin 74,6%-i Qazaxıstanda sabitliyin qorunduğu qənaətindədir. Bu göstərici gənclər arasında xüsusilə yüksək olmaqla 80,6%-ə çatıb. Gender baxımından kişilərin 76,1 faizi, qadınların isə 73,5 faizi ölkədəki vəziyyəti sabit kimi qiymətləndirir.
Kənd sakinləri arasında müsbət cavabların payı 76,7%, şəhər sakinləri arasında isə 73,3% təşkil edir. Bu onu göstərir ki, şəhər və kənd yerlərində ümumi ictimai əhval-ruhiyyə müsbət olaraq qalır.