BAKI, 11 noyabr. TELEQRAF
Özbəkistan və ABŞ vətəndaşlar və biznes nümayəndələri üçün viza prosedurlarının sadələşdirilməsini müzakirə etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “Uzbekistan 24” telekanalına müsahibəsində nəqliyyat nazirinin müavini Jasurbek Choriev bildirib.
Onun sözlərinə görə, “Özbəkistan Hava Yolları” aviaşirkətinin donanmasının yeni “Boeing” təyyarələri ilə genişləndirilməsi nəticəsində ABŞ şəhərlərinə uçuşların sayının artacağı gözlənilir.
Jasurbek Choriev qeyd edib ki, Prezident Şavkat Mirziyoyevin ABŞ-yə səfəri viza rejiminin liberallaşdırılması, turizmin inkişafı, birbaşa hava uçuşlarının genişləndirilməsi üçün mühüm zəmin yaradacaq.
"Prezidentimizin səfəri mühüm addımdır. Dövlət başçısı əməkdaşlığın qapılarını açır. İki ölkənin liderləri nəqliyyat kimi strateji sahələr üzrə razılığa gələndə bizim üçün birgə təşəbbüslərin həyata keçirilməsi xeyli asanlaşacaq. Bizim qarşımızda bir sıra vəzifələr var və ABŞ-nin bu sahədə böyük təcrübəsi var, lakin bizim də təklif edəcəyimiz bir şey var", - Çoriyev bildirib.
O, həmçinin Boeing Korporasiyası ilə 22 geniş gövdəli Boeing 787-9 Dreamliner təyyarəsinin tədarükü üçün imzalanmış müqaviləni xatırladıb.
Bu təyyarələr Özbəkistan Hava Yollarına Amerikada yeni marşrutlar açmaq da daxil olmaqla, uzun məsafəli uçuş coğrafiyasını genişləndirməyə imkan verəcək. Hazırda aviaşirkət Daşkənd və Nyu-York arasında birbaşa uçuşlar həyata keçirir.
Nazir müavini vurğulayıb ki, ölkələr arasında imzalanan sazişlər turizmin inkişafına, işgüzar əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin sayının artırılmasına xidmət edəcək.
"Bu yaxınlarda 2026-cı il yanvarın 1-dən ABŞ vətəndaşları üçün 30 günlük vizasız rejimin tətbiqi ilə bağlı qərar qəbul edilib. Eyni zamanda, vətəndaşlarımızın və biznes nümayəndələrimizin səyahətlərini asanlaşdırmaq imkanları da nəzərdən keçirilir", - Çuriyev əlavə edib.
Hazırda vizasız rejim ABŞ-dən olan 55 yaşdan yuxarı turistlərə şamil edilir. Prezidentin mayın 15-də qəbul etdiyi “Turist axınının artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq, Xarici İşlər Nazirliyinə Özbəkistan vətəndaşları üçün viza rejiminin yüngülləşdirilməsi ilə bağlı ABŞ tərəfi ilə danışıqlara başlamaq tapşırılıb.