BAKI, 11 noyabr. TELEQRAF

Daşkənddə Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərinin birinci görüşü keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə kaz.inform məlumat yayıb.

Mərkəzi Asiya ölkələrinin kənd təsərrüfatı nazirlərinin birinci görüşündə regional əməkdaşlığın gücləndirilməsi, dayanıqlı kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.

Qazaxıstan nümayəndə heyətinə kənd təsərrüfatı nazirinin müavini Yerbol Tasjurekov başçılıq edib.

O, çıxışında dövlət başçılarının birgə səyləri nəticəsində Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yeni səviyyəyə yüksəldiyini qeyd edib, aqrar sahədə tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir müavini deyib ki, bu ilin yanvar-sentyabr aylarında Qazaxıstanla Mərkəzi Asiya ölkələri arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi ötən illə müqayisədə 24,4% artaraq 2,3 milyard ABŞ dolları təşkil edib.

Görüş zamanı tərəflər nəqliyyat, energetika və innovasiya infrastrukturunun inkişafı, eləcə də sərhədə yaxın logistika qovşaqlarının yaradılması məsələlərini müzakirə ediblər.

Sonda tərəflər birgə bəyannamə imzalayıblar.