BAKI, 6 noyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Vaşinqtonda ABŞ Senatının Mərkəzi Asiya üzrə qrupunun həmsədri, senator Stiv Daynsı işgüzar səfəri çərçivəsində qəbul edib.

Teleqraf xəbər verir ki, tərəflər strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi, iqtisadi layihələrin genişləndirilməsi, parlamentlərarası əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.

Danışıqlarda ikitərəfli əməkdaşlığın misli görünməmiş səviyyəsi vurğulanıb . Qarşılıqlı ticarət göstəricilərinin artdığı, ABŞ-nin aparıcı şirkətləri ilə birgə əməkdaşlıq layihələrinin sayının artdığı bildirilib. Son aylarda tərəflər arasında rekord dəyərə malik saziş və müqavilələr imzalanıb və bu səfər zamanı yeni iqtisadi sənədlərin imzalanması planlaşdırılır. Onların həyata keçirilməsinin təmin edilməsində ABŞ Konqresinin dəstəyinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin tərəfləri maraqlandıran aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident Şavkat Mirziyoyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri Bill Heyzenqan, Kerol Miller və Sidni Kamlaqer-Dou ilə də görüşüb. Tərəflər strateji tərəfdaşlığın, parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsi, ticarət və investisiya imkanlarının genişləndirilməsi məsələlərini müzakirə ediblər.