BAKI, 4 noyabr. TELEQRAF
Xəzər dənizinin Qazaxıstan sahillərində suitilərin tələf olmasına nəyin səbəb olduğu bəlli olub.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan KİV məlumat yayıb.
Noyabrın 3-də Ural-Xəzər Regionlararası Balıqçılıq Qurumunun əməkdaşları Manqistau vilayətinin Tüpkaraqan rayonunda Xəzər dənizi sahilində monitorinq apararkən sahilə çıxan suitilərin cəsədlərini aşkar ediblər. Məlumat bütün maraqlı dövlət orqanlarına çatdırılıb. Bundan sonra işçi qrup hadisə yerinə baxış keçirib və 112 suiti cəsədi müəyyən edilib.
Qazaxıstan Hidrobiologiya və Ekologiya İnstitutundan verilən məlumata görə, suitilərin cəsədləri çürüyüb. Bu barədə məlumat Tüpkaraqan rayonunun Daxili İşlər İdarəsi tərəfindən ibtidai istintaq zamanı qeydə alınıb.
Müvafiq proqram çərçivəsində Xəzər suitisi ilə bağlı tədqiqatlarla məşğul olan elmi təşkilat Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri suiti cəsədlərinin tədqiqi üçün götürülən nümunələrin toplanması istiqamətində hadisə yerində işləyirlər.
Hidrobiologiya və Ekologiya İnstitutunun mütəxəssisləri təxmin edirlər ki, suitilər təxminən bir ay əvvəl tələf olub. Cəsədlər isə Tüpkaraqan rayonunun sahilinə yalnız indi - şiddətli qərb küləyi nəticəsində çıxmış ola bilər.
Alimlərin çoxillik tədqiqatlarına əsasən, suitilərin kütləvi tələf olmasının mümkün səbəbi kimi onların immuniteti və ümumi dözümlülüyünün zəifləməsi, bunun nəticəsində yoluxucu xəstəliklərə qarşı həssaslığın artması göstərilir. Hazırda Xəzər dənizi sahilində müşahidə və nəzarət işləri hələ də davam edir.