BAKI, 16 oktyabr. TELEQRAF
95 yaşlı An Hak Sop Koreya müharibəsi zamanı Koreya Xalq Ordusuna (Şimali Koreya) qoşulduğu üçün 42 ilini Cənubi Koreya həbsxanasında keçirmiş keçmiş hərbçidir.
Teleqraf xəbər verir ki, o, Cənubi Koreya hakimiyyətindən Rusiya və Çin vasitəsilə Şimali Koreyaya getməsinə icazə verilməsini xahiş edib.
“Rusiya və ya Çindən keçib gedəcəyəm. Daha nə qədər gözləmək olar?”, - An Hak Sop Seulda keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Şimali Koreya ilə əlaqələri tənzimləyən Birlik Nazirliyi müraciətinə cavab verməyib.
Avqust ayında An Hak Sop və Koreya müharibəsi dövründə Şimali Koreya ordusunda xidmət etmiş daha 5 nəfər, o cümlədən Pxenyana casusluqda ittiham olunaraq məhkum edilmiş şəxslər Cənubi Koreya hökumətinə vətənlərinə getmək üçün icazə müraciəti etmişdilər. An Hak Sop avqustun 20-də Şimal-Cənub sərhədini keçməyə cəhd etmiş, amma uğursuz olmuşdu. Həmin vaxt Birlik Nazirliyi müraciətin araşdırıldığını açıqlamışdı.
Pxenyan hələ də baş verənlərə heç bir reaksiya verməyib. Cənubi Koreya tərəfi israr edir ki, Şimali Koreya əvvəlcə yaşlı kişini qəbul etməyə hazır olduğunu təsdiqləməlidir.
Bir qeyri-kommersiya təşkilatı nazirliyə yeni müraciət göndərərək, icazə veriləcəyi halda An Hak Sopun nəqliyyat xərclərini öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.
Cənubi Koreya mediasının məlumatına görə, An Hak Sop Kanxvado adasında anadan olub. Müharibə zamanı o, öz sözlərinə görə, Koreya Xalq Ordusuna qoşulub və kəşfiyyat fəaliyyəti üçün Cənuba göndərilib. Müharibənin bitməsinə az qalmış, 1953-cü ilin aprelində həbs edilib və düşmənə kömək ittihamı ilə məhkum olunub. O, təxminən 42 il həbsdə qalıb və yalnız 1995-ci ildə azadlığa çıxıb.
Müharibədən sonra Şimal və Cənub əsir hərbçiləri dəyişmişdi, amma An Hak Sopun dediyinə görə, Cənubi Koreya hökuməti onu casus hesab edib. Həbsdə olduğu müddətdə ondan sosialist baxışlarından imtina etməsi tələb olunub, bəzi mənbələr isə onun işgəncələrə məruz qaldığını iddia edirlər. Qeyri-kommersiya təşkilatları qeyd edir ki, kommunist ideologiyasından imtina edənlər vaxtından əvvəl azadlıq və ya amnistiya ala bilirdilər.
2000-ci ildə Şimali Koreya tərəfdarı olan təxminən 60 nəfər məhkum Şimala getmək imkanı əldə edib. Amma An Hak Sop o zaman Cənubda qalmağı üstün tutub, ABŞ Koreya yarımadasını tərk edənədək mübarizəni davam etdirmək istədiyini deyib. O dövrdə Şimali Koreya hakimiyyəti onları “vətən birliyi uğrunda mübarizə aparan vətənpərvərlər” kimi qəbul etmişdi.