BAKI, 10 oktyabr. TELEQRAF

Türkmənistan parlamentində Bitərəflik Dostları Qrupuna üzv ölkələrin parlament rəhbərlərinin ikinci iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Parlamentlərarası dialoq – qlobal səviyyədə sülh və etimadın təmin edilməsi üçün əsas alət” adlı forum iştirakçıları hibrid formatda bir araya gətirib.

İştirakçılar Türkmənistanın daimi neytrallığının regional və qlobal sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfəni qeyd edərək, sülh və təhlükəsizlik məsələlərində BMT-nin ölkənin etibarlı tərəfdaşı kimi rolunu vurğulayıblar.

Beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi mexanizmi kimi parlament diplomatiyasının inkişafına xüsusi diqqət yetirilib. Nümayəndələr Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 2028-ci ilin Beynəlxalq Hüquq İli elan edilməsi təşəbbüsünü dəstəkləyiblər.

Sonda tərəflər etimadın qurulmasında və qlobal çağırışların birgə həlli yollarının tapılmasında parlamentlərarası dialoqun rolu barədə fikir mübadiləsi aparıblar. Onlar həmçinin neytrallıq prinsiplərinin qanunda təsbit edilməsinin vacibliyini vurğulayıblar.