BAKI, 10 oktyabr. TELEQRAF
Tacikistan Prezidenti Emoməli Rəhmon MDB ölkələri dövlət başçılarının Şurasının iclası çərçivəsində Düşənbədə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Teleqraf xəbər verir ki, görüş zamanı tərəflər ticarət, yaşıl enerji, sənaye, parlamentlərarası dialoq, mədəniyyət, təhsil və gənclər siyasətinin inkişafını müzakirə ediblər.
Emoməli Rəhmon görüş zamanı vurğulayıb: “Biz Ermənistanla əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm veririk və onun bütün sahələrdə inkişafında maraqlıyıq”.
Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regionda əməkdaşlıq ab-havasının möhkəmlənməsi nəticəsində yaradılan imkanlara, TRIPP layihəsinin (və ya Zəngəzur dəhlizinin) həyata keçirilməsinə istinad edilib.
Emoməli Rəhmon Vaşinqton görüşündən sonra sülh sazişinin paraflanmasını alqışlayıb və ölkəsinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini bildirib.