BAKI, 8 oktyabr. TELEQRAF

Qazaxıstan Səhiyyə Nazirliyi “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” əmrdə dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bu dəyişiklik əsasında yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərə onların azadlığa buraxılmasına 6 ay qalmış kimyəvi kastrasiya tətbiq olunacaq.

“Müəssisənin rəhbərliyi cəza müddətinin bitməsinə ən geci 12 ay qalmış psixi pozğunluğun və cinsi zorakılığa meyllərin olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi üçün materialları məhkəməyə təqdim edir”, - əmrdə bildirilir.

Bu qaydalar psixi pozğunluğa görə məhkəmənin qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən məhkumlara şamil edilmir.

Qeyd edək ki, kastrasiya cinsi vəzilərin çıxarılması və ya onların funksiyasının dayandırılması deməkdir.