BAKI, 1 oktyabr. TELEQRAF
“Qazaxıstan nüvə enerjisi sektorunda sistemli şəkildə mütəxəssislər hazırlayır”.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.
“Dərhal kadr hazırlığına başlamışıq. Artıq bir neçə milli universitetdə - Əl-Fərabi adına Qazax Milli Universitetində, Satpayev Universitetində, həmçinin Şərqi Qazaxıstan və Türküstanın ali təhsil müəssisələrində xüsusi proqramlar açılıb. Bu ildən etibarən Şərqdəki universitet AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) təsdiq etdiyi proqram əsasında təhsil verməyə başlayıb”, - nazir deyib.
Nurbekin sözlərinə görə, Fransada nüvə enerjisi sahəsində lider olan Qrenobl Universitetinin filialı 2026-cı ildə açılacaq. Həmçinin Koreya Milli Tədqiqat İnstitutunun açılması planlaşdırılır. Bu təhsil müəssisəsi nüvə fizikası üzrə kadr hazırlığını həyata keçirəcək.
“Lazımi səviyyədə mühəndis və nüvə mütəxəssisləri hazırlayacağıq. Bu istiqamətdə təkcə Rusiyanın deyil, ABŞ, Fransa və Çinin təcrübəsindən də istifadə edəcəyik”, - Sayasat Nurbek qeyd edib.
Xatırladaq ki, Qazaxıstan hökuməti ölkədə ilk Atom Elektrik Stansiyasının (AES) tikintisinə hazırlaşır. AES-in Almatı vilayətində inşa olunacağı açıqlanıb.